
02.03.2010. Martın 5-də Nəsimi Rayon Məhkəməsində Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimovun Hüquq Maarifçiliyi Cəmiyyətinə (HMC) və onun hüquqşünasları İntiqam Əliyevə və Nurlana Əliyevaya qarşı iddiası üzrə məhkəmə qətnaməsinin sonuncuların icra etməmələri ilə bağlı inzibati məsuliyyət məsələsinin həll edilməsinə dair proses keçiriləcək. Proses hakim Elmar Kərimovun sədrliyi ilə saat 10:00-da başlanacaq.
Xatırladaq ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Hüquq Maarifçiliyi Cəmiyyətinə (HMC) və onun hüquqşünaslarına qarşı «Hakimlərin İntizam Məsuliyyəti» adlı kitabda və www.monitoring.az internet saytında yerləşdirilən hesabatla bağlı ötən ilin aprel ayında defamasiya tələbi ilə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi (hakim E.Kərimov) hakimin iddiasını təmin edərək kitabın yayıldığı bütün təşkilatlardan geri alınaraq hər birinə Q.Kərimov barəsində məlumatın yalan olması və cavabdehlərin iddiaçıdan üzr istəmələrinə dair məlumatın kitaba əlavə edilməsi; saytda yerləşdirilmiş məlumatların oradan çıxarılmaqla, cavabdehlərin iddiaçıdan üzr istəmələrinə dair məlumatın saytda yerləşdirilməsi; vurulan mənəvi zərərin əvəzi kimi cavabdehlərdən müştərək qaydada 1.000 manat tutularaq Q.Kərimova ödənilməsi barədə qətnamə çıxarıb. Ərizəçilərin həmin qətnamədən verdikləri apellyasiya şikayəti rədd edilib. Kassasiya şikayətini isə Vəkillər Kollegiyasının üzvü tərəfindən imzalanmaması əsası ilə Bakı Apellyasiya Məhkəməsi geri qaytarıb. Ərizəçilər həmin qərardan da şikayət veriblər. Lakin rayon məhkəməsinin hakimi E.Kərimov həmin şikayətin nəticəsini gözləmədən öz qətnaməsini icraya yönəldib.
Bundan sonra Nəsimi rayon Məhkəmə nəzarətçiləri və icraçıları şöbəsi Ərizəçilərin ünvanına qətnamənin icra edilməsinin məcburiliyi barədə əmr göndərib.
15 fevral 2010-cu ildə Ərizəçilər barəsində İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsində (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərinin yerinə yetirilməməsi) nəzərdə tutulmuş inzibatı xətanı törətmələrinə dair protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Bu arada Hüquq Maarifçiliyi Cəmiyyətinə xidmət göstərən bankdan məlumat daxil olub ki, Nəsimi rayon Məhkəmə nəzarətçiləri və icraçıları şöbəsinin icra vərəqəsinə əsasən təşkilatın hesabından 1070 manat silinib. Lakin Nəsimi rayon Məhkəmə nəzarətçiləri və icraçıları şöbəsi məhkəmə qətnaməsini icra etmədiklərinə görə Ərizəçilərin inzibati qaydada məsuliyyətə cəlb edilməsində israrlıdır. Onlardan həm də Şəki Apellyasiya Məhkəməsinin hakimindən üzr istəmək tələb olunur. Hüquqşünaslar Q.Kərimovdan üzr istəmək fikrində deyillər. İnzibati xəta törətməkdə təqsirli sayılan hüquqşünaslara 20 manatdan 35 manatadək, Hüquq Maarifçiliyi Cəmiyyətinə isə 150 manatdan 200 manatadək cərimə cəzası təyin edilə bilər.
Bundan sonra da hüquqşünaslar məhkəmə qətnaməsini icra etməkdən imtina etsələr, onların barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə cinayət işi başlana bilər. Bu halda Ərizəçilər 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 160 saatdan 200 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.
Hüquq Maarifçiliyi Cəmiyyətinin
İnformasiya xidməti
Çap üçün versiya
Geri qayitmaq