

Xocalının tarixi çox qədimdir.
Elə Bakınınkı da.
Xocalı yaranışından çox müsibətlər görüb.
Elə Bakı da...
Xocalı 18 il əvvəl tarixinin ən qanlı olayını yaşadı. Qana boyandı. Qanına qəltan edildi. Ölən öldürüldü, qalan zəlil görkəmdə, ayağı don vurmuş, gözü önündə məhv edilən əzizlərinin, yaxınlarının faciəsindən şok olmuş vəziyyətdə qonşu rayona üz tutdu. Həmişə televiziyalarda göstərilən ayağını sürüyə-sürüyə yeriyən o zavallı qadın yadınızdadırmı? Ya qırmızı gödəkçəli o körpə? Ya əli-qolu bağlanıb qətlə yetirilmiş o ixtiyar? Bəs “Ay Allah!” - deyibən nalə çəkən jurnalist? Yaddan çıxarmı?
Bakı da zaman-zaman tarixin qanlı olaylarına şahid oldu. Sərvəti başına bəla oldu. Talandı, yeraltı-yerüstü sərvətləri yad məmləkətlərə daşındı. Neft və milyonlar səltənətinin zavallı sakinləri o sərvətlərə ancaq gözucu baxa bildi. 1918-ci ilin amansız qırğınlarına şahid oldu. 37-nin qara maşınlarında gedər–gəlməzə göndərildi. “Vətən” adlandırılan müharibə cəbhələrində itkin düşdü, güllələndi, əsir alındı, ömürlük Vətəndən dərbədər oldu...
Mən bu yazını niyə “Xocalı-Bakı” adlandırdım?İndi biləcəksiniz.
Xocalı 18 il əvvəl bir geçədə yerlə yeksan olundu.
Bakı hissələrlə “yeyilir”, “parçalanır”, “udulur”, dəyişdirilir, yadlaşdırılır.
Deyin ki, səhv edirəm, yalan deyirəm, şər atıram.
Elə isə Hüsü Hacıyev (Azərbaycan) küçəsi boyu qərarlaşan o təkrarsız kompleksin ortasında ucalan iki çoxmərtəbəli göydələnə nə ad vermək olar?
Ya “İçərişəhər” stansiyasının şüşə ürəyinə?
Ya Bulvarda ucalan, ucalması nəzərdə tutulan mərkəzlərə?
Xocalını yadellilər tutdu...Bakını ellilər...
Nə qədər eyni mövzuda yazmaq olar? Hədəf eynidir, ünvan başqa.
Bu dəfə ünvan Neftçilər prospekti, Füzuli deyil, Yusif Məmmədəliyev küçəsidir. Keçmiş Politseyski küçəsi, 16 saylı ev -
Atlantlı ev. 1900-cü ildə tikilib. 110 il sonra sökülməyə başlanıb. Üst mərtəbə tamam götürülüb. Bir qonşunun dediyinə görə, birdən-birə sökə bilmədikləri üçün dayanıb dincəlirlər. Başqa birinin fikrincə, nədənsə çəkinib əl saxlayıblar: “Əslində isə, orda ticarət mərkəzi tikəcəklər. Deyirlər, atlantı saxlayacaqlar. Amma çətin ağlım kəsir...”.
Eşq olsun! Hər şeyi bilirlər. Bəs niyə susurlar? Binanın şəklini çəkdiyimi görüb: - Yazın, çəkin, dayanmayın, heyf ondan, dünyada 3 atlantlı binadan biridir - deyirlər və binanın önündəcə toplaşıb heç nə olmamış kimi deyib-gülürlər.
Bakı tək jurnalistlərin şəhəri deyil, hamınındır!Bakı hamımızındır--deyirəm. Susurlar.
Bax, belə! Yaxşı dedim. Ürəyimdə düşünürəm. (Mən də heyfimi bunlardan çıxıram).
Biz yazırıq, danışırıq, çəkirik, ancaq bu azdır, hər bir Bakılı şəhərin müdafiəsinə qalxmalıdır--söyləyirəm. Yerə baxırlar...Ah, bu yerəbaxanlıq. Bizə nələr eləmədi?
Dəli şeytan deyir ki...Get, dayan Atlantlı binanın altında. Gecə-gündüz gözlə, keşik çək, gör nə vaxt o məzəli gombulları ordan düşürəcəklər. 5-10 manat ver, gətir evinə. Çoooxdan arzuladığın evi, arzularının evini tikdir, yükünü də ver gombulların çiyninə, qoy əbədiyyən daşısınlar. Sən dünyada olmayanda da...
Onsuz da, Xocalı nə vaxtsa düşmən tapdağından qurtulacaq.
Əvvəl-axır, Xocalılar doğma torpağa dönəcəklər.
Tikib-quracaqlar.
Doğub-törəyəcəklər, artacaqlar.
Səriyyə Müslümqızı daha heç vaxt ağlamayacaq.
Gözü önündə ölən əzizlərinin, şagirdlərinin ruhu onu nəhayət rahat buraxacaq...
Yavaş-yavaş yaralar sağalacaq.
İnşallah, o gün gələcək!
Amma... Bakıda 1900-cü ildə tikilən, 2010-cu ildə darmadağın edilən Atlantlı binadan bir də heç vaxt olmayacaq!
Sevda İsmayıllı
Çap üçün versiya
Geri qayitmaq