Azerbaycanca   English version   
HÜQUQ MAARİFÇİLIYI CƏMİYYƏTİ
14.03.2011

ƏCƏB IŞƏ DÜŞDÜK…

1961-ci ildə «Əcəb işə düşdük» adlı ilk komediyasını qələmə alan görkəmli dramaturq, ictimai və dövlət xadimi Şıxəli Qurbanovun yəqin ağlının ucundan da keçməzdi ki, üstündən düz 50 il ötdükdən sonra onun ölkəsində bir jurnalist iş yerlərində baş verən haqsızlıqları, qanunların ayaqlar altına atılmasını təsvir etmək üçün bu sözdən istifadə edə bilər. Çünki o haradan bilə idi ki, XXI əsrdə, dövlət müstəqilliyinin 20-ci ildönümü qeyd edilən, əmək hüquqları ilə bağlı çeşidli beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda sivil dünya ilə ayaqlaşmağa can atmaq, zəngin karbohidrogen ehtiyatlarının satışından əldə edilən külli miqdarda vəsait hesabına vətəndaşların əmək hüquqlarını yüksək səviyyədə təmin etmək əvəzinə, aldıqları qəpik-quruş da bəzən «əridilərək» işçilərin burunlarından gətiriləcək. Amma orta statistik azərbaycanlı bilir ki, bu gün istər dövlət müəssisələrində, istərsə də özəl şirkətlərdə qanunsuzluqlarla üzləşərkən, açıq dərəbəyliyi görərkən «əcəb işə düşdük» deyilməsi adi haldır. Çox təəssüf ki, həm də bu zaman həmin söz komik deyil, tragikomik mənada işlənir. Elə Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 30, mənzil 3-də yaşayan Telman Həsrətov da iş yerində əcəb işə düşənlərdəndir.

Xəstəni huşsuz vəziyyətdə evə buraxmaqda məqsəd nə olub?

«Azərneftkimyamaş» Açıq Səhmdar Cəmiyyətinin «Bakı neft-mədən maşınqayırma zavodu» Törəmə Açıq Səhmdar Cəmiyyətində altıncı dərəcəli çilingər işləyən Telman Həsrətov 2009-cu il fevral ayının 3-də ağır istehsalat xəsarəti alıb. Onun sağ əlinin bir neçə barmağı qopub, onurğası güclü deformasiyaya uğrayıb, başından xəsarət alıb, çənəsi sınıb. Bununla da, 60 yaşlı T.Həsrətovun məşəqqətli günləri başlayıb. T.Həsrətov məhz bu olaydan sonra mütəmadi fiziki ağrılarla yanaşı, ağır mənəvi-psixoloji travmalara da məruz qalıb. Belə ki, T.Həsrətov yuxarıda qeyd etdiyimiz xəsarətlərlə huşsuz vəziyyətdə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanasına aparılsa da, ilkin tibbi yardımdan sonra evə buraxılıb. Daha doğrusu bu dəfə onu təcili yardım maşınında aparıb huşsuz vəziyyətdə yatağa yerləşdiriblər. T.Həsrətovun qardaşı, hadisə baş verən andan bugünədək onun hüquqlarının qoruyucusu Nemət Əyyubov deyir ki, zavod rəhbərliyi bu üsulla hadisəni gizlətməyə çalışıb. Eyni zamanda rəhbərlik işçisinin vəziyyətinin ağır olduğunu bildiyi üçün onun evinə gediş-gəliş üçün xüsusi təcili yardım maşını ayıraraq T.Həsrətovun ambulator müalicəsini təşkil edir. Müalicə 6 ay davam etsə də nəticəsi olmur.

N.Əyyubovun sözlərinə görə, bu müddət ərzində T.Həsrətova zavod tərəfindən bəzən 75, bəzən 100, bəzən də 120 manat məbləğində yardımlar edilir: «Zavod rəhbərliyinin hadisəni gizlətdiyini və Telmanın vəziyyətinin düzəlmədiyini gördükdə, qərara gəldim ki, hadisə barədə, qardaşımın əmək qabiliyyətini məhz bu olay nəticəsində itirdiyi barədə akt almaq lazımdır. Bundan sonra məcbur olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə, eyni zamanda Xətai Rayon Prokurorluğuna şikayət etdim. Hər iki şikayət əsasında araşdırma aparıldı. Nəhayət, 6 aydan sonra akt tərtib olundu. Aktın bir nüsxəsini çox böyük çətinliklə zavoddan ala bildik. İndi xəsarətlə əlaqədar ödəmələr qalırdı. Çünki əmək qanunvericiliyində istehsalatda xəsarət alanların ödənc qaydaları nəzərdə tutulub. Zavod rəhbərliyi bundan imtina etdi. Hətta bizə hədə-qorxular gəlməyə başladı. İşin belə olduğunu görüb 2009-cu ilin sentyabrında Xətai Rayon Məhkəməsinə şikayət etdim. Məhkəmə işə baxarkən qarşı tərəf müxtəlif rəqəmlər gətirərək iddia etdi ki, guya hər ay Telmana 220, 230, 270 manat, ümumilikdə 1800 manatdan çox yardımlar ediblər. Məhkəməyə bununla bağlı saxta sənəd də təqdim etdilər. Halbuki, artıq qeyd etdiyim kimi, qardaşıma hər ay bunların dediyindən iki dəfədən də az pul verilib. Üstəlik, aldığı xəsarət nəticəsində onun qələm tutduğu barmağı əmək qabiliyyətini itirib. Yəni, aldığı pullara imza da atmayıb. Onlar da bundan istifadə edib tabel cədvəlinə Telmanın imzasına oxşar imza atıblar. Çox təəssüf ki, mən bunu məhkəmədən sonra bilmişəm».

N.Əyyubov deyir ki, bundan sonra məcbur qalıb pensiya məsələsini həll etmək üçün Səhiyyə Nazirliyinə şikayət edib. Oradan da şikayət baxılması üçün Bakı Baş Səhiyyə İdarəsinə göndərilib: «İdarə rəisi Leyla Seyidbəyova bizi yaxşı qarşıladı. Mən bu hadisəni gizlətdikləri, cərrahiyyə əməliyyatına məruz qalmış Telmanı huşsuz vəziyyətdə evə göndərdikləri üçün Mərkəzi Neftçilər Xəstəxanasının həkimlərindən də şikayətimi bildirdim. Nəhayət, Telmanı el arasında «Semaşko» xəstəxanası kimi tanınan Kliniki Tibbi Mərkəzə yerləşdirdilər. Onsuz da bu xəsarətlər sağalmaz olduğundan bir aydan sonra Telmanı evə buraxdılar və Kliniki Tibbi Mərkəzin göndərişi əsasında sahə həkiminə müraciət edərək qardışımın ambulator müalicə alması qərarlaşdırıldı. Qanunvericiliyə görə isə pensiyaya çıxmaq üçün gərək əlində 6 aylıq xəstəlik kağızı olsun ki, Tibbi-Sosial Ekspert Komissiyası da onun əsasında araşdırma apararaq hansı əlillik dərəcəsi uyğundursa onu da təyin etsin. Artıq qeyd etdiyim səbəbdən, yəni, Mərkəzi Neftçilər Xəstəxanasından huşsuz vəziyyətdə evə göndərildiyindən xəstəlik kağızı da yoxdur. Demək, zavod rəhbərliyinin qardaşımı huşsuz vəziyyətdə evə göndərməyi təşkil etməkdə məqsədi xəsarətə görə ödəməli olduqları ödənclərdən yayınmaq olub».

N.Əyyubovun sözlərinə görə, 2009-cu ilin sentyabrında Xətai Rayon Məhkəməsinə etdiyi şikayət həm də bununla bağlı olub. Lakin məhkəmə iddiaçının lehinə qərar çıxarmayıb: «Gördüm ki, məhkəmənin də mövqeyi tam onlara tərəfdir. Çıxarılan qətnamədə qeyd olunurdu ki, zavod tərəfindən Telmana yardımlar olunub. Zavod rəhbərliyinin yardımlarla bağlı təqdim etdiyi şişirdilmiş rəqəmlərini məhkəmə düzgün rəqəmlər kimi qəbul etdi. İşə obyektiv baxılmadığı üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət etdim. Apelyasiya Məhkəməsi də Xətai Rayon Məhkəməsinin qətnaməsini təsdiqlədi». N.Əyyubov deyir ki, T.Həsrətov 2006-cı ildən 2008-ci ilədək olan əmək haqqı cədvəlini almaq üçün zavoda gedib: «Ona nəinki bu cədvəli verdilər, üstəlik zavoddan da qovdular. Qapıçıya da göstəriş verilib ki, Telmanı zavoda heç bir halda buraxmasın. Belə olan təqdirdə mən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ətraflı məktub yazdım. Oradan şikayətim Dövlət Əmək Müfəttişliyinə göndərildi. Müfəttişlik tərəfindən yoxlamalar aparılıb, qardaşıma cavab verildi ki, xəsarət ödənclərinin qaydaları aşağıdakı kimidir:

«Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli « İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» 3 saylı qərarına görə, zərərə görə aylıq ödəncin miqdarının hesablan¬ma¬sın¬da götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti alma¬mış¬dan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təq¬vim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Bundan sonra Tibbi-Sosial Ekspert Komissiyası qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin itirilmə müddətini, dərəcəsini (faizini), əlillik qrupunu, sağlamlıq imkanları məhdudluğunu və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır».

Zavod rəhbərliyi 575 manat 80 qəpiyi necə mənimsəyib?

Müsahibimiz deyir ki, Dövlət Əmək Müfəttişliyindən cavab gələnədək, yəni 2010-cu ilin dekabr ayınadək zavod rəhbərliyi hesablama apararaq T.Həsrətova xəsarətlə bağlı ayda cəmi 64 manat ödənc pulu ödənməsinə qərar verib: «Telman 2010-cu il mayın 19-da üçüncü dərəcəli əlillik qrupu ilə, maaşının 50 faizi həcmində pensiyaya çıxıb. May ayı üçün zavod rəhbərliyi 28 manat, iyun, iyul, avqust aylarında hər ay 64 manat ödəyib. Prezidentin sərəncamı ilə əmək pensiyalarının baza hissəsi sentyabrın 1-dən 10 manat artırıldığından qardaşım sentyabrda 74 manat alıb. 2010-cu ilin oktyabr, noyabr, dekabr aylarında, habelə 2011-ci ilin yanvar və fevral aylarında da 74 manat ödənilib. Halbuki, Dövlət Əmək Müfəttişliyinin müfəttişləri Heydər Əliyev Fondunun göstərişinə əsasən zavodun mühasibatlığında araşdırma apararaq, Telmanın xəsarət aldığı gündən əvvəlki 12 təqvim ayınadək, yəni 2009-cu ilin fevralından 2008-ci ilin fevralınadək olan dövrədə aldığı əmək haqqı cədvəlini çıxarıblar. Mən bu cədvələ nəzər yetirəndə gördüm ki, Telmanın aldığı ən az əmək haqqı 2008-ci ilin oktyabrında aldığı 178 manatdır. Nazirlər Kabinetinin qərarında göstərilən qaydada 12 ayın əmək haqqını topladım. Orta aylıq əmək haqqı 243 manat 16 qəpik etdi. Bunun əlli faizi də 121 manat 58 qəpik edir. Demək, Telman sentyabradək hər ay 121 manat 58 qəpik almalı olduğu halda, cəmi 64 manat alıb. Sentyabrın 1-dən isə 74 manat deyil, 131 manat 58 qəpik almalı idi. Buradan çıxan nəticə odur ki, zavod rəhbərliyi indiyədək, yəni 2010-cu ilin mayından 2011-ci ilin fevralınadək, 10 ay ərzində hər ay Telmana çatmalı olan 57 manat 58 qəpiyi mənimsəyib. Bu da 10 ayda 575 manat 80 qəpik edir. Mən 2010-cu ilin dekabrın 20-də bu barədə zavod rəhbərliyinə şikayət etdim və sizə danışdığım məlumatları orada qeyd etdim. Yazdım ki, 15 gün ərzində cavab verməsəniz sizi təkrar məhkəməyə verəcəm».

Müsahibimiz qeyd etdi ki, göstərilən tarixdə ona cavab verilməyib: «Yanvar ayı ərzində heç bir cavab gəlmədi. Ərəb dünyasında baş verən dəyişikliklərdən sonra bizdə də korrupsiyaya qarşı yüngülvarı mübarizə başlanmasının, zavod rəhbərliyinin qorxuya düşməsinin nəticəsidir, yoxsa nədir bilmirəm, zavodun direktoru Eldar Vəliyev qardaşıma cavab yazıb. Yazıb ki, sizin pensiyanız 113 manat olub və sizə mart ayından 113 manat ödəyəcəyik. Belə olanda haqlı sual ortaya çıxır; bəs niyə əvvəl 64, sentyabrdan sonra isə 74 manat ödəyirdiniz? Bəs, əvvəlki aylarda 113 manatdan kəsdiyiniz pullar? Bu müddət ərzində pensiyaların artırılması ilə bağlı hansı sərəncam imzalanıb ki, siz də ona istinad edirsiniz? Odur ki, mən bundan da narazıyam. Çünki artıq qeyd etdiyim kimi, bu məbləğ 131 manat 58 qəpikdir. Qardaşım deyir ki, gəl 113 manatla razılaşaq, mən də ona etiraz edirəm. Deyirəm əgər, səhv hesablama aparmışamsa, bunu sübut etsinlər». N.Əyyubov deyir ki, əgər 18 manat 58 qəpik 113 manatın üzərinə gəlinməsə, o yenidən zavod rəhbərliyindən Xətai Rayon Məhkəməsinə məhkəməyə müraciət edəcək. Artıq məktubu da hazırlayıb. Deyir ki, bir şikayəti də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın rəhbəri Ramiz Mehdiyevə ünvanlayacaq.

Məsuliyyətdən yayınmağın ən asan yolu: işçini şantaj etmək

Müsahibimiz istehsalat xəsarətləri alan işçinin necə günahkar çıxarılması barədə də danışıdı: «Hadisə qardaşım da daxil olmaqla 4 nəfərin tokar dəzgahını təmir etdiyi zaman anlaşılmazlıq üzündən baş verib. Belə ki, qardaşım işarə vermədən yüksək gərginliklə işləyən dəzgahı qoşublar. 380 voltla işləyən dəzgah da işə düşüb və qardaşımı götürüb yerə çırpıb. Bir neçə barmağı getsə, paltarını əynindən cırıb çıxarsa da, bəxti gətirib ki, remen onu özü ilə çəkib aparmayıb. Buna görə üç aya yaxın huşsuz idi, onu yoluxmağa gələnləri tanıya bilmirdi. Hazırda da çənəsi əyridir. Sınıqla əlaqədar danışığında pəltəklik əmələ gəlib. Əvvəldə qeyd etdiyim kimi, mənim şikayətimdən sonra Xətai Rayon Prokurorluğunun müstəntiqi araşdırma aparmışdı. Fəhlələr əvvəl hər şeyi olduğu kimi izahatlarında qeyd etmişdilər. Mən onlarla zəngləşmişdim. Demişdilər ki, hadisə necə baş veribsə, biz o cür də izahat vermişik. Sonradan onları zavod rəhbərliyi qorxuya salıb, işdən çıxarılmaqla hədələyib və sonda izahatların dəyişdirilməsinə nail olub. Çünki hadisənin olduğu kimi izahatda qeyd olunması zavod rəhbərliyinə sərf etməyib. Görünür, burada da hansısa maddi maraqlar güdülüb, bundan sonra izahatlar dəyişdirilib. Düzdür, şayiə yaymaq, kiməsə şər atmaq mənə yaraşmaz. Amma biz istəsək də, istəməsək də belə düşünürük. Yoxsa bu adamlar niyə izahatlarını dəyişirdilər? Digər tərəfdən Əmək Məcəlləsində işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti deyilən bir anlayış var. Məcəllədə nəzərdə tutulub ki, hətta günah xəsarət alanda olsa da, işəgötürən, indiki halda zavod rəhbərliyi birmənalı olaraq maddi məsuliyyət daşıyır. Mən məhkəmədə bildirdim ki, indiyədək bir nəfər də görməmişəm və eşitməmişəm ki, qəsdən özünü hansısa dəzgahın qabağına qoysun. O haradan bilir ki, sağ çıxacaq, yoxsa öləcək? Qardaşım o qədər aciz adamdır ki, pensiya üçün özünü dəzgaha atsın. O bilirdi ki, xəsarətin növü nə cür olacaq? Yəni, zavodun nümayəndələri məhkəmədə bu incəliklərə qədər vəsatət qaldırırdılar, məni şantaj edirdilər. Amma belə nağıl danışmaqlarına baxmayaraq məhkəmə onların xeyrinə qətnamə çıxardı».

N.Əyyubov qeyd etdi ki, sözügedən zavodda texniki təhlükəsizlik qaydalarına da əməl edilməyib: «Mən özüm metro-tunel tikintisində işləyirəm. Hər səhər işçiləri təlimatlandırıram. Gedib yoxlamışdım, onlarda heç təlimatlandırma da yox idi. Həmkarlar təşkilatı mövcud deyil, sığorta sıfır dərəcəsindədir».

Həmsöhbətim zavod rəhbərliyi ilə bağlı dövlət qurumlarına, məhkəmələrə bu qədər şikayət etməsinə baxmayaraq qardaşının qeyri-qanuni şəkildə işdən azad olduğunu da vurğuladı: «Əslində, işdən azad olunmamalı idi. Amma bunlar görünür, qanunda yazılanları tərsinə başa düşürlər. Nazirlər Kabinetinin əvvəl adını çəkdiyim qərarında göstərilir ki, Tibbi-Sosial Ekspert Komissiyası zərərçəkənin səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri də (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyənləşdirilməlidir. Telmanın müalicəsi hazırda da davam edir və aldığı dərmanların birinin qiyməti 32 manatdır, 38 manatlıq iynələr vurdurur. Xeyir ola, sən ona 64 manat pul hesablayırsan?

«Xar həmin xarəst, çuli digərəst»

Azərbaycan Respublikasında əmək hüquqlarını təmin edən ən ali norma konstitusiyadır. Azərbaycan Respublikasının Konstitusiyasının «Əsas hüquqlar, azadlıqlar və vəzifələr» bölməsinin bir neçə maddəsi əmək hüquqlarına həsr olunub. Obyektivlik naminə qeyd etmək lazımdır ki, burada beynəlxalq əmək standartlarına tam uyğun olan başlıca hüquqlar, o cümlədən iş və istirahət vaxtı, əməyin və sağlamlığın mühafizəsi, etiraz etmək hüquqları öz əksini tapıb. Əmək hüquqlarının təmin olunmasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq normalar da mühüm əhəmiyyət kəsb edir. Konstitusiya və beynəlxalq normalarda əks olunmuş hüquqların təmin olunması üçün ölkə çərçivəsində bir çox qanunlar, o cümlədən Əmək Məcəlləsi, digər qanunlar, müxtəlif səviyyələrdə qəbul olunmuş normativ aktlar fəaliyyət göstərir. Lakin hazırda iş yerlərində işçinin haqqının yeyilməsi geniş yayılmış və adi hallardan biri olmaqla günümüzün acı gerçəkliyidir. Özü də bu hal həm dövlət qurumları, həm də özəl müəssisələr üçün xarakterikdir. Bu sıraya əmək müqaviləsinin bağlanmaması, əməyin qarşılığının düzgün ödənilməməsi, əməyin mühafizəsinin lazımınca təmin edilməməsi, bunun nəticəsində xəsarət alan işçinin yuxarıda qeyd etdiyimiz hallarla üzləşməsi, iş yerlərində proteksionizmin baş alıb getməsi, işəgötürənin işçi qarşısında maddi məsuliyyət daşımaqdan imtina etməsi, əmək kitabçasının olmaması, işçilərin məzuniyyət hüquqlarının tapdanması və sair problemlər aiddir. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, sonuncu iki halla, yəni əmək kitabçasının olmaması və işçilərin məzuniyyət hüquqlarının tapdanması ilə daha çox jurnalistlər də üzləşirlər.

Ölkə Konstitusiyasının 37-ci maddəsində nəzərdə tutulmuş işçiyə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi hazırda ölkədə çap olunan mətbuat orqanlarının redaksiyalarında rast gəlinən nadir hallardan sayılır. Azərbaycanda bu cür redaksiyalar Molla Cümə demişkən, ya bir olar, ya iki. Halbuki, Ana Qanunumuza 2002-ci ilin avqustun 24-də, eləcə də 2009-cu ilin martın 18-də ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş əlavə və dəyişikliklər zamanı həm 37-ci maddə (istirahət hüququ), həm də 35-ci maddə (əmək hüququ), eləcə də hər iki maddənin müvafiq bəndləri dəyişməz qalıb. Onu da qeyd edək ki, işçilərin məzuniyyət hüququnun təmin edilməsi Əmək Məcəlləsinin də ən əsas tələblərindən biridir. Eyni zamanda məcəllədə hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) ödənişli məzuniyyət verilməli olduğu əsas tələblərdən biri olsa da, məcəllənin bu tələbi ana olmağa hazırlaşan jurnalist qadınlara birmənalı olaraq şamil edilmir.

Apardığımız ümumiləşdirmə əsasında deyə bilərik ki, bu gün Azərbaycanda Əmək Məcəlləsinin tələblərinin, əmək hüququnun pozulması iş yerlərindən asılı olaraq dəyişir. Məsələn, əgər jurnalist peşəsində çalışanlarla bağlı yuxarıda qeyd etdiyimiz qanun pozuntularına yol verilirsə, sənaye, tikinti, nəqliyyat və rabitə sektorunda problemlər daha çox əməyin mühafizəsinin, təhlükəsiz əmək şəraitinin təmin olunmaması ilə bağlıdır. Bir qədər vulqar səslənsə də bu yerdə farsların tez-tez işlətdikləri atalar sözündən istifadə yerinə düşür: «xar həmin xarəst, çuli digərəst». Yəni, ulaq həmin ulaqdı, palanı ayrıdır.

2011-ci ilin fevralında ölkə prezidentinin imzaladığı fərmanla Dövlət Əmək Müfəttişliyindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə çevrilən qurumun istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı apardığı təhlillər də göstərir ki, bu cür hallar daha çox yuxarıda adları çəkilən dörd sektorda baş verir. Sənayenin bir sahəsi olan və bu gün Azərbaycanın dövlət büdcəsinin asılı olduğu neft sektoru da işçilərin hüquqlarının ən çox pozulduğu sahələrdən biri kimi tanınır. Buna əmin olmaq üçün təkcə mətbuat səhifələrinə nəzər yetirmək kifayətdir. Özü də neft sənayesi tarixən ən ağır istehsalat sahəsi kimi tanınıb. XIX əsrin sonu, XX əsrin əvvəllərinin neft Bakısını, fəhlələrin ağır əməyini təsvir edən çoxsaylı bədii əsərlərdə bunun izlərini açıq-aydın görmək mümkündür.

Bir ildə 69 ölü, 197 yaralı

Əmək qanunvericiliyinə əməl olunması üzərində dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aparatının sektor müdiri Nizami Əhmədovadan aldığımız məlumata görə, 2010-cu ildə xidmət tərəfindən 3201 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Bunlardan 950-i dövlət, 2251-i qeyri-dövlət müəssisəsi olub. Bu zaman əmək qanunvericiliyinə əməl olunmamasına dair 9511 hüquq pozuntusu aşkarlanıb. Xidmətin vəzifəli şəxsləri tərəfindən aşkar olunmuş inzibati xətaya görə işəgötürənlərə 827200 manat məbləğində cərimə tətbiq olunub. Vətəndaşlardan daxil olmuş 2677 ərizə araşdırılıb, 1509 məktuba baxılıb. Nəticədə onlara 6116270,07 manat gecikdirilmiş ödəmələrin ödənilməsi təmin edilib. Bunlardan 5879895,1 manatı əmək haqqı, 83332,7 manatı zərərə görə ödənc, 153042,27 manatı isə sosial müavinət və kompensasiyalar olub. Hesabat ilində əmək müqaviləsi olmadan işə cəlb edilmiş 3404 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. İl ərzində işdən qeyri-qanuni azad edilməsi müəyyən edilmiş 58 nəfər öz əvvəlki işinə bərpa olunub. Əmək qanunvericiliyinə dair ən xarakterik və tez-tez rast gəlinən qanun pozuntuları işçilərlə əmək müqaviləsinin baglanmaması və onun şərtlərinin yerinə yetirilməməsi, əmək haqqının hesablanmaması və ödənilməməsi, texniki təhlükəsizlik qaydalarının tələblərinə əməl edilməməsi, əməyin mühafizəsinin tibbi-sosial məsələləri ilə bağlı olub. Aparılmış təhqiqat nəticəsində 2010-cu ildə istehsalatla əlaqəli sayılmış bədbəxt hadisələrin sayı 239, qrup halında baş vermiş bədbəxt hadisələrin sayı isə 17 olub. Nəticədə 69 nəfər ölüb, 197 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. «İZ» aktı verilmiş zərərçəkmişlərin sayı 241 nəfər olub.

«Bu ildən vəziyyət dəyişməlidir»

Mövzu ilə bağlı söhbətləşdiyimiz Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ konstitusiyada təsbit olunub və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə dövlətin müəyyən etdiyi standartlara uyğun olan əmək şəraiti yaradılmalıdır. Elə bir şərait ki, əmək vəzifələrini yerinə yetirərkən insanların sağlamlığına zərər olmasın: «Təəssüf ki, bir çox hallarda işəgötürənlər işçilərin sağlamlıqlarına dəymiş ziyanı ödəməkdən yayınırlar, yaxud bədbəxt hadisəyə görə məsuliyyət daşımamaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Çox zaman işçilər də öz hüquqlarını bilmədikləri üçün onları aldadırlar və sonradan zərərçəkənə kompensasiya ya ödənilmir, ya da cüzi miqdarda ödənilir».

Bununla belə müsahibimiz qeyd etdi ki, ötən ilin mayında qəbul edilən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun bu ilin yanvarın 1-dən tətbiqinə başlanılması vəziyyətin köklü surətdə dəyişiləcəyini söyləməyə əsas verir: «Əvvəllər işəgötürən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı işçi qarşısında tam maddi məsuliyyət daşısa da, işçini sığortalayıb-sığortalmamaq könüllü idi. Belə ki, işəgötürən işçini sığortalamadıqda bədbəxt hadisələr zamanı ödənci sığorta şirkəti deyil, özü verməli olurdu. Təcrübə isə göstərirdi ki, əksər halllarda ödənc verilmir və ölkə üzrə on minlərlə insan bundan əziyyət çəkir. Amma icbari sığorta sistemində işəgötürən hər bir işçisini sığortalamalıdır. Qanunu pozanları, yəni işçilərini icbari qaydada sığortalamayan müəssisə və təşkilatları cərimə gözləyir və yaxın vaxtlarda həmin cərimənin məbləğinin iki dəfə artırılması nəzərdə tutulur. Beləliklə, bədbəxt hadisə və peşə xəstəliyi baş verəndə kompensasiyanı sığorta şirkəti ödəməlidir. Əgər qanunun tətbiqində qüsurlar olmasa bu ildən vəziyyət dəyişməlidir».

S.Məmmədov qeyd etdi ki, texniki təhlükəsizliklə bağlı qaydalara əksər iş yerlərində əməl olunmur: «Məsələn, sənayedə, tikintidə ölüm halları, bədbəxt hadisələr daha çoxdur. Çünki əməyin mühafizəsini təşkil etmək xeyli vəsait tələb edir.

İşəgötürənlər bunun üçün pullarından keçməlidirlər. Onlar isə buna getmirlər və nəticədə işçilər ya tez-tez travma alır, ya da peşə xəstəliyinə tutulurlar».

Liqa sədri işçilərin xəsarətə görə ödənc ala bilməmələrinin səbəblərini bu cür təsnifatlaşdırdı: «Bu gün Azərbaycanda iş yerində sağlamlığına zərər dəymiş on minlərlə insan kompensasiya ala bilmir. Birincisi ona görə ki, əmək bazarında qeyri-formal əmək bazarının faizi yüksəkdir. Çoxları əmək müqaviləsi olmadan, rəsmən işə qəbul olunmadan işləyən işçilər olub. Bu da hökumətin zəif nəzarətinin nəticəsidir. İkincisi, həmin müəssisə ləğv olunub, xarici şirkətdirsə köçüb gedib. Üçüncüsü də odur ki, məhkəmələr heç də həmişə işçilərin xeyrinə qərar çıxamırlar. Bizə məhkəmələrin ədalətsiz qərar çıxarmasından narazı qalan minlərlə insan müraciət edib. Yaxud, məhkəmə ədalətli qərar çıxarsa da, işəgötürən ödənci ödəmir. Yəni, məhkəmə qərarı icra olunmur. Gedib araşdıranda da görürsən ki, şirkət süni iflas vəziyyətindədir. Xüsusilə tikinti şirkətləri özləri üçün süni iflas vəziyyəti yaradırlar. Haqq-hesab hamısı nağd aparılır, uçota salınmır, vergidən yayınır, hesabına baxanda görürsən ki, doğrudan da pulu yoxdur. Təəssüf ki, çox vaxt dövlətin tabeliyində olan təsərrüfat subyektləri də xəsarət almış işçiyə ödəncdən imtina edirlər».

Bədbəxt hadisələrin gerçək rəqəmi gizlədilir

Ekspert istehsalatda baş verən bədbəxt hadisələrin uçotunun düzgün aparılmadığını da vuruğuladı: «Rəsmi statistikaya görə, hər il orta hesabla ölkədə 300-ə yaxın bədbəxt hadisə baş verir ki, bu zaman 250-dən artıq insan ölür və ya xəsarət alır. Əslində bu say dəfələrlə çoxdur və gerçək rəqəm uçotdan gizlədilir. Düzdür, burada Dövət Əmək Müfəttişliyi Xidmətinin günahı yoxdur. Çünki onlara xəbər verilmir. İşəgötürənlər isə maksimum çalışırlar ki, bu hadisələri gizlətsinlər. Belə hallara həm dövlət, həm də özəl müəssisələrdə rast gəlmək mümkündür. Məsələn, işdə xəsarət almış işçiyə sağalanadək işə gəlməməyə icazə verilir, o isə öz növbəsində xəsarətin işdə deyil başqa yerdə, məsələn, evdə aldığını bildirir. Beləliklə də həmin şəxs sonradan itirdiyi peşə əmək qabiliyyətinə görə işəgötürəndən heç bir kompensasiya ala bilmir. Lakin hər bir işçi yadda saxlamalıdır ki, istehsalatda baş verən ən kiçik xəsarət mütləq müvafiq strukturlar tərəfindən qeydə alınmalı və tibb müəssisəsinə müraciət edən hər bir kəs hadisənin baş verdiyi yerin məhz iş yeri olduğunu göstərməlidir».
Səxavət Həmid

Çap üçün versiya

Geri qayitmaq


SON XƏBƏRLƏR

10.04.2014

ALMANİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ (GİZ) QUBADA JURNALİSTLƏR ÜÇÜN MİQRASİYA MÖVZUSUNDA TƏLİM KEÇİRƏCƏK

06.04.2014

ZAUR QURBANLININ MƏHKƏMƏ ÇIXIŞI

05.04.2014

MÜLKİUYYƏT HÜQUQLARI İLƏ BAĞLI JURNALİST ARAŞDIRMALARI MÖVZUSUNDA JURNALİSTLƏR ÜÇÜN TƏLİM

13.03.2014

QHT ŞURASI YENİ QRANT MÜSABİQƏSİ ELAN EDİB

13.03.2014

KONSTİTUSİYA MƏHKƏMƏSİ ALİ MƏHKƏMƏNİN QƏRARLARINI QÜVVƏDƏN SALAN DAHA İKİ QƏRARINI AÇIQLADI

13.03.2014

MİNLƏRLƏ İCRA OLUNMAMIŞ MƏHKƏMƏ QƏRARI OLAN ÖLKƏNİN MƏHKƏMƏSİNİN QƏRARINI TƏLƏBİNİ FACEBOOK İCRA EDƏCƏKMİ

12.03.2014

MEDİA HÜQUQU İNSTİTUTU: "İFADƏ AZADLIĞI SAHƏSİNDƏ HÖKUMƏTİN SƏYLƏRİ GÖZLƏNTİLƏRƏ CAVAB VERMİR"

11.03.2014

İLQAR MƏMMƏDOVUN MƏHKƏMƏDƏ SON SÖZÜ

06.03.2014

AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANA QARŞI DAHA BİR ŞİKAYƏTLƏ BAĞLI QƏRARINI AÇIQLAYIB

06.03.2014

"SİZ O TƏYYARƏ TİPLİ MAŞINLARININ ŞƏKLİNİ YAYAN NAZİR OĞLUNDAN SORUŞDUNUZMU Kİ, ONLARI HANSI PULA ALIB?!"

06.03.2014

CƏNNƏTƏ DÜŞMƏK İMKANINI MƏHDUDLAŞDIRAN QANUN LAYİHƏSİ PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILIB

05.03.2014

BU GÜN AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNDƏ İNSAN HAQLARI İCLASI KEÇİRİLƏCƏK

03.03.2014

"ƏDALƏT MÜHAKİMƏSİ AĞIR SÖHBƏTDİR"

03.03.2014

ALMANIYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ (GİZ) SƏHİYYƏ HÜQUQU İLƏ BAĞLI JURNALİSTLƏR ARASINDA MÜSABİQƏ ELAN EDİLİB

03.03.2014

QANUN NƏŞRİYYATI KİTABA OLAN BASQILARLA BAĞLI BƏYANAT YAYIB

03.03.2014

AXCP-nin MÜVƏQQƏTİ QƏRARGAHININ YERLƏŞDİYİ BİNANIN ZİRZƏMİSİNDƏ PARTLAYIŞ OLUB

03.03.2014

MALİYYƏ NAZİRLİYİ "SOVETSKİ"də EVLƏRİ SÖKÜLƏN SAKİNLƏRƏ ÖDƏNİLƏCƏK MƏBLƏĞLI BAĞLI MÜZAKİRƏLƏRƏ SON QOYUB: 1500 AZN

02.03.2014

"9 İLDİR QATİLİN TAPILMAMASI ONU ŞƏXSƏN İLHAM ƏLİYEVİN HİMAYƏ ETDİYİNİ GÖSTƏRİR"

28.02.2014

“HAKİMİYYƏT ƏLİ İNSANOVU AVROPA MƏHKƏMƏSİNİN QƏRARI ƏSASINDA YOX, ƏFV ƏRİZƏSİ ALIB BURAXMAQ İSTƏYİR”

27.02.2014

JURNALİST BAŞ PROKURORLUĞU MƏHKƏMƏYƏ VERDİ

27.02.2014

VƏKİLLƏR XALİD BAĞIROVUN VƏ ANAR QASIMLININ QURBAN MƏMMƏDOVUN MƏHKƏMƏSİNDƏKİ MÜDAFİƏ NİTQİ

26.02.2014

"ROBERT KOÇARYAN, SEYRAN OHANYAN VƏ SERJ SARQSYAN ÖLDÜRÜLMƏLİDİR"

26.02.2014

"JUSTICE" BARƏDƏ DİALOQ

26.02.2014

"XOCALI FACİƏSİNİN "GENOSİD" KİMİ TƏQDİMATI ZİYANLIDIR"

26.02.2014

VƏTƏNDAŞ CƏMİYYƏTİ DAHA BİR YENİ PROBLEMLƏ ÜZBƏÜZ – MEHMANXANALAR MÜSTƏQİL QHT-lərə YER VERMƏKDƏN İMTİNA EDİRLƏR

© 2006 - 2014
Müəllif hüquqları HMC-nə məxsusdur.

NUR D